"Standard & Poor’s" ("S&P Global Ratings") beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini "BB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.
Eləcə də bax: “Standard & Poor's” “Azərenerji”nin kredit reytinqini təsdiqləyib
FED.az xəbər verir ki, dövlət şirkəti olan SOCAR-ın proqnozunun "mənfi"yə endirilməsi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi ("BB+/B") üzrə proqnozunun "stabil"dən "mənfi"yə endirilməsi ilə əlaqələndirilir. Agentlik qeyd edir ki, Azərbaycanın kredit ödəmə qabiliyyətinin azalması halında, dövlət SOCAR-a dəstəyi azaltmalı olacaq. Hazırda davam edən Dağlıq Qarabağ münaqişəsi də dövlətin maliyyələşdirmə prioritetini dövlət şirkətlərinə yatırılan investisiyalardan hərbi ehtiyaclara dəyişə bilər.
"İlkin ssenarimizdə Dağlıq Qarabağ münaqişəsinin SOCAR-ın biznesinə və ya likvidliyinə məhdud təsirini gözləyirik, lakin mənfi risklər istisna edilə bilməz. Bu mərhələdə əsas ssenaridə SOCAR-ın işçilərinin təhlükəsizliyinə, daxili əməliyyatlara, ixracata, istehsal aktivlərinə və ya likvidliyinə birbaşa ziyan dəyəcəyini gözləmirik, çünki bunu proqnozlaşdırmaq çətindir. Hazırda SOCAR-ın daxili əməliyyatları, ixracatı və kapital xərcləri fasiləsiz davam edir və əlavə təhlükəsizlik xərcləri hökumətin üzərinə düşür", - deyə "S&P" bildirir.
Agentliyə görə, SOCAR rəhbərliyi Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ilin noyabr ayında planlaşdırılmış istismar tarixlərində hər hansı dəyişiklik gözləmir. Eyni zamanda, şirkət yerli və beynəlxalq banklardan cəlb edilən borcların maliyyələşdirilməsini davam etdirir və nağd pulu yerli banklarda saxlayır: "Lakin münaqişənin davam etdiyi halda, şirkətin aktivlərinin zərər görməsini, zəif yerli tələbatı və borcların ödənilməsində gecikmələri istisna etmirik. Hazırda yerli bank sisteminin nisbətən zəif keyfiyyətini nəzərə alaraq, SOCAR-ın nağd pul vəsaitlərinin 25% azalmasını gözləyirik. Bu səbəbdən SOCAR-ın avtonom kredit profilini "b-" səviyyəsinə endirdik".
Mənfi ssenariyə görə, şirkətin kredit reytinqinin Azərbaycanın kredit reytinqinə bağlı olması səbəbindən dövlətin maliyyə dəstəyinin azalması halında yaranacaq problemləri nəzərə alaraq, SOCAR-ın reytinqi endirilə bilər. Bundan əlavə, reytinqin azalması yerli maliyyə sisteminin zəifləyəcəyi və bunun nəticəsi kimi, SOCAR-ın nağd pul ehtiyatlarının böyük hissəsinin əlçatmaz olduğu təqdirdə baş verə bilər. (Apa)