Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidlərdən birinin - Dəmirçiyev Tural Rəfael oğlunun doğum günüdür.
SOCAR-dan FED.az-a verilən məlumata görə, 2017-ci ildən SOCAR–ın Təhlükəsizlik İdarəsində çalışmağa başlayan Tural Dəmirçiyev Vətən Müharibəsi zamanı könüllü şəkildə müraciət edərək cəbhəyə yollanmış, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Onun ad gününü məzarı başında qeyd edən SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəhbərliyinin nümayəndələri şəhidin ailə üzvlərinə başsağlığı vermis, ruhuna dualar oxumuşlar.
Tural Dəmirçiyev 01.10.1992-ci il tarixdə Bakı şəhərində anadan olub. 2010-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsi, Rixard Zorge adına 90 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment” fakültəsinə daxil olub. Ali məktəbi bitirib həqiqi hərbi xidmətə yollanıb, Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirib. Tural Dəmirçiyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.
SOCAR kollektivi şəhid həmkarlarının ailəsini daim diqqətdə saxlayır. İş yoldaşları mütəmadi olaraq Turalın ailə üzvləri ilə əlaqə saxlayır, onların qayğısına qalırlar. Bir neçə ay öncə şəhidin kiçik qardaşı İsabala Dəmirçiyev Turalın çalışdığı SOCAR-ın Təhlükəsizlik İdarəsində işlə təmin olunub.