SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşlarının maliyyə dəstəyi ilə, ötən ilin sentyabrından başlanan kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar inkişaf proqramlarının birinci mərhələsi yekunlaşıb. Proqramın bu mərhələsində 222 nəfərə ödənişsiz təhsil imkanı yaradılıb.
SOCAR-dan FED.az-a bildirilib ki, ötən ilin sentyabr ayından başlayan və 10 aydavam edən proqram çərçivəsində iştirakçıların kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə təhsili ilə yanaşı, işlə təminatına dəstək verilməsi də nəzərdə tutulub.
Bu məqsədlə martın 13-də Azərbaycan Milli Xalça Muzeyində əmək yarmarkası keçirilib. Yarmarkada dövlət qurumları və tanınmış şirkətlər, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, “Pasha Holding”, Azercell, Azərbaycan Beynəlxalq Bankı, “Azərkosmos”, Sumqayıt Texnologiyalar Parkı, Kapital Bank, “eManat”, Rabitəbank, “Bank of Baku”, “Pasha Həyat”, “Pasha Insurance”, Prosol, Avrora və başqaları təmsil olunub.
Əmək yarmarkasında iştirakçılara şirkət və ya müəssisələr haqqında ətraflı məlumat verilib, onların bacarıq və təcrübələrinə uyğun mövcud vakant iş yerləri təklif edilib.
“IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” peşəkar sertifikat proqramının ikinci mərhələsinə aprelin 1-dən start veriləcək və bu mərhələdə 220 yeni iştirakçı ödənişsiz təlimlərə qatılacaq.