Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub.
Eləcə də bax: İlham Əliyev Sofiyada Rumıniyanın Baş naziri ilə - GÖRÜŞÜB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin oktyabrın 19-da Rumıniyaya səfəri çərçivəsində Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
Bununla əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.