Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: Emil Alxaslı: "Neft emalı zavodunun modernizasiyası 2028-ci ilədək yekunlaşacaq"
FED.az SOCAR-a istinadən xəbər verir ki, Memorandumu “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.
“SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və kimya fənləri üzrə 8 dərslik Azərbaycan dilinə tərcümə edilib. O, həmçinin Massaçusetts Texnologiya İnstitutunun “Məlumat, İqtisadiyyat və İnkişaf Siyasəti”, “MikroMaster” proqramları üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, 7 universitetdə “SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi üzrə təhsil alan 372 tələbə üçün “IELTS” hazırlıq kurslarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun dayanıqlı inkişafını dəstəkləyəcək.
Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən danışan Şahin Bayramov qeyd edib ki, “SOCAR Midstream” ilə əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.
Memorandumda Mingəçevir Dövlət Universiteti və “SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələləri əksini tapıb.