Noyabrın 21-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan Fed.az-a verilən məlumata görə, R. Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə şirkət rəhbərliyini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. Rövnəq Abdullayev SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs etmiş, hər iki şirkətin birgə işrirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etmişdir. Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanmışdır. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən “Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləmiş, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirmişdir. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd etmiş, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini demişdir. Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üzrə öz imkanlarından maksimum istifadə istəyi ifadə olunmuşdur.
Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanmışdır.