Bu gün Bakıda SOCAR ilə “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək Anlaşma Memorandumu və “ASAN xidmət”lə təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.
İmzalanma mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, şirkət və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən "ASAN xidmət"in sədri İnam Kərimov SOCAR və rəhbərlik etdiyi qurumun əməkdaşlığının əhəmiyyətindən geniş danışıb. O bildirib ki, SOCAR "ASAN Xidmət" vasitəsilə "ABAD Xidmət" - Ailə Biznesinə Asan Dəstək layihələrinə öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən R. Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə SOCAR-ın rolundan bəhs edib. O qeyd edib ki, qeyd dib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb.
Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan SOCAR ilə “ASAN xidmət” mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən SOCAR prezidenti 20 sentyabr – 10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in və onun əməksevər kollektivinin mühüm dəstəyindən danışıb. O, prezidentinin fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “ABAD Xidmət”in rolunu yüksək qiymətləndirib.
SOCAR prezidenti qeyd edib ki, "ABAD Xidmət" mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq.
Daha sonra SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R. Abdullayev qeyd edib ki, bu, məhsuldar birgə fəaliyyəti təmin edərək yeni layihələrin icrasına, ümumilikdə isə ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmlənməsinə xidmət edəcək. Əməkdaşlıq Sazişi başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.
R. Abdullayev bildirib ki, “ASAN xidmət” olduqca gənc bir qurum olmasına baxmayaraq, göstərdiyi professional, çoxşaxəli və şəffaf xidmətlərlə bu gün dövlətimizin və vətəndaşlarımızın nəzərində haqlı olaraq böyük etibar və təqdir qazanmış mühüm qurumlardan birinə çevrilib.
Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişini şirkət prezidenti Rövnəq Abdullayev və “ASAN xidmət”in rəisi İnam Kərimov imzalayıblar.
Sonda SOCAR İstiqrazlarının təbliğ və təşviqində göstərmiş olduqları yüksək fəallıq və məhsuldar əməkdaşlığa görə “ASAN xidmət”in bir qrup əməkdaş və könüllülərinə Şirkətin Fəxri fərmanları və sertifikatlar təqdim edilib.