Azərbaycanın ən böyük şirkəti olan SOCAR Özbəkistan bazarına daxil ola bilər.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşündə qeyd edilib.
Eləcə də bax: “PROKON” şirkəti “SOCAR-Uniper” ilə - MÜQAVİLƏ İMZALADI
Görüşdə Özbəkistan prezidenti iki ölkə arasında energetika sahəsində əməkdaşlığın başlanacağını elan edib: «Bizim perspektivli istiqamətlərimiz çoxdur. Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinlə söhbət etmişik.
İndi biz SOCAR üçün ərazi ayırmışıq. Mən bizimkilərə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik.
Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin».
Cavabında İlham Əliyev bildirib ki, müvafiq qurumlar arasında danışıqlar davam edəcək: «Bu gün biz yeni istiqamətlər müəyyənləşdirəcəyik və hər bir istiqamət üzrə bu gün və sabah müvafiq qurumlar görüşəcəklər, müzakirələr aparacaqlar və bizi yaxşı nəticələrə doğru yönəldəcəklər».