“SOCAR Türkiyə”nin təbii qaz paylama şirkətləri “Bursagaz” və “Kayserigaz” “AKSA Enerji”nin çətiri altında xidmət göstərəcəklər
FED.az xəbər verir ki, Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”, təbii qaz paylama şirkətləri “Bursagaz” və “Kayserigaz”ın satışı üçün müqavilə prosesini başa çatdırıb. “Bursagaz” və “Kayserigaz” satış prosesinin tamamlanmasından sonra “AKSA Enerji” çətiri altında xidmət göstərəcəklər.
SOCAR Türkiyədə biznesinin bir hissəsinin satışı üçün danışıqlar aparır
2019-cu ildən “SOCAR Türkiyə” çətiri altında xidmət göstərən “Bursagaz” və “Kayserigaz” birlikdə 2 milyon abonentinə təbii qaz paylama xidməti göstərir. Təxminən 1,2 milyon abunəçisi və 7 min kilometrdən çox şəbəkə uzunluğu ilə “Bursagaz” "paylayıcı lisenziya sahiblərinin son istehlakçıya etdiyi təbii qaz satışlarının miqdarı" baxımından Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkəti olaraq önə çıxır. “Kayserigaz” isə şəbəkə uzunluğu 7 min kilometri keçən 700 min abunəçisini təhlükəsiz təbii qazla təmin edir.
“Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə qatıldıqdan sonra keyfiyyət, innovasiya və müştəri yönümlü yanaşmaya uyğun olaraq qoyduğu sərmayələrlə böyük irəliləyiş əldə ediblər. Bu müddət ərzində hər iki müəssisədə nəinki xidmət keyfiyyəti yüksəldilib, bir çox yeni rayonlara təbii qaz çıxışı təmin edilərək geniş infrastruktur şəbəkəsi yaradılıb.
Məlumat üçün bildirək ki, “Bursagaz”ın 2019-2024-cü illərdə ümumi investisiya həcmi 99 milyon ABŞ dolları təşkil edib. Bursanın 11 rayonunda xidmət göstərən “Bursagaz” müştərilərinə 2024-cü ildə 2,2 milyard kubmetr təbii qaz təhvil verib. “Kayserigaz”ın 2019-2024-cü illərdə ümumi investisiya həcmi 110 milyon ABŞ dolları təşkil edib. Türkiyənin enerji sektorunun ən əhəmiyyətli oyunçularından biri olan “Kayserigaz” qardaş ölkənin ən müasir təbii qaz paylama şəbəkələrindən birinə malikdir. Şirkət 2024-cü ildə müştərilərinə 0,8 milyard kubmetr təbii qaz təhvil verib.
Mövzu ilə bağlı satışdan öncə "SOCAR Türkiyə" və qrup şirkətlərinin 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair cari ilin 6 yanvar tarixində Türkiyənin İstanbul şəhərində keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov açıqlama vermişdi: “2019-cu ildə “Kayserigaz” və “Bursagaz”ı aldığımızdan bəri söz verdiyimiz kimi, məsuliyyət sahəmizdəki bütün yaşayış məntəqələrinə təbii qaz çatdırmaqdan qürur duyuruq. Hər iki şirkətimiz güclü infrastrukturu, əməliyyat mükəmməlliyi və ekspert işçiləri sayəsində investorların diqqətini cəlb etmişdir. Şirkətlərimizin satış qərarlarını “SOCAR Türkiyə”nin uzunmüddətli strateji hədəflərinə uyğun olaraq qiymətləndiririk. Bu günə qədər qoyduğumuz təxminən 18,5 milyard dollar sərmayə ilə Türkiyənin ən böyük birbaşa xarici sərmayədarıyıq və bu strateji əhəmiyyətli sərmayələrlə uzun illər Türkiyədə dəyər yaratmağa davam edəcəyik. Bir müddət əvvəl ictimaiyyətlə paylaşdığımız kimi, Türkiyədəki əsas iş istiqamətlərimizdən biri olan neft-kimya sənayesinə diqqət yetirərək, bu sahəyə əhəmiyyətli bir sərmayə qoymaq üçün ön və son (Pre-FEED və FEED) mühəndislik işlərinə başladıq. Azərbaycanın və Türkiyənin iqtisadiyyatına, məşğulluğuna və sosial inkişafına töhfə verəcək fəaliyyətimizi qətiyyətlə davam etdiririk.”
Qeyd edək ki, 1997-ci ildə yaradılan “Aksa Enerji” Türkiyənin əhaliyə satılan ən böyük elektrik enerjisi istehsalçısıdır. 7 ölkədə fəaliyyət göstərən qlobal enerji şirkəti olan “Aksa Enerji” səlahiyyətli texniki qrupları ilə layihənin planlaşdırılmasından satınalma, tikinti və quraşdırmaya qədər bütün elektrik stansiyalarının quraşdırılması əməliyyatlarını həyata keçirir. Bu günə qədər şirkət kömür, mazut, bioqaz, təbii qaz, külək və su elektrik kimi müxtəlif enerji mənbələrindən istifadə etməklə 30-dan çox elektrik stansiyası istismara verib. (İki sahil)