Ötən gün "Rosneft" şirkətinin səhmləri 6% bahalaşıb. Bunun kifayət qədər səbəbi var, lakin investorları daha çox sevindirən dövlət şirkətinin özəlləşdirilməsi ilə bağlı yeni detalların ortaya çıxmasıdır.
Bundan öncə bazar iştirakçıları özəlləşdirmənin primitiv sxem üzrə baş tutacağını zənn edirdi. Ən optimal variant kimi şirkətin öz səhmlərinin "Rosnefteqaz"dan alınması idi. Bu isə investorları narahat edirdi, beləliklə, şirkətin səhmləri sentyabr ayının ortalarından azalmaqda idi.
Lakin ötən gün Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu informasiyanı təkzib edib: "Hələlik bizim qrafikimizdə adi prosedur yer alır, hər hansı "buy back" nəzərdə tutulmayıb".
Başqa sözlə, özəlləşdirmə proseduru standart sxem üzrə baş tutacaq. Beləliklə, dövlətin şirkətdəki 19,5%-lik payı kənar investora satılacaq.
Maraqlıdır ki, "Rosneft" tərəfindən öz səhmlərinin alışı ilə bağlı xəbər bir müddət öncə elə şirkətin mətbuat katibi Mixail Leontyevin dilindən səslənib: "Biz ciddi şəkildə öz səhmlərimizin alışını nəzərdən keçiririk. Alış hər hansı formada baş tuta bilər. Əgər imkan yaranarsa, biz bu addımı atmağa hazırıq və bundan utanmırıq, əksinə, fəxr edirik".
"Rosneft"in özəlləşdirilməsi ilin sonunadək baş tutmalıdır. Hələlik isə bütün diqqətlər "Rosneft" tərəfindən bazarın digər iri iştirakçısı olan "Başneft"in alınmasına köklənib. Ötən gün Rusiyanın baş naziri Dmitri Medvedev"Başneft"in səhmlərinin 50,8%-nin "Rosneft"ə satılması ilə bağlı sərəncam imzalayıb. Əqdin dəyəri 329,7 mlrd. rubl həcmində qiymətləndirilir və oktyabr ayının 14-dək yekunlaşmalıdır.
Nəticədə "Rosneft" Rusiyada hasil olunan neftin 40%-i əlində cəmləşdirəcək. Təxmini hesablamalara görə, "Rosneft"in neft ehtiyatları 5,34% artaraq 45,3 mlrd. barrelədək, gündəlik hasilat isə 7,14% artaraq 5,7 mln. barrelədək artacaq.
Yeri gəlmişkən, "Başneft"in səhmləri ötən gün ucuzlaşıb.
Xatırladaq ki, ötən gün İstanbulda keçirilən Ümumdünya Enerji Konqresi çərçivəsində "SOCAR Turkey Enerji A.Ş." "Rosneft" ilə saziş imzalayıb. Sazişə əsasən Rusiya şirkətinin istehsal etdiyi məhsullar "SOCAR Turkey Enerji" tərəfindən inşa olunan STAR neft emalı zavoduna tədarük olunacaq. Söhbət əsasən neft və digər xammallardan gedir. Tərəflər tədarük olunacaq məhsulların həcmini və nomenklaturasını, habelə tədarük vaxtını müəyyən etməlidir.
Apa©