Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib.
SOCAR 4 ölkənin qaz ötürücü şəbəkə operatorları ilə memorandum imzalayıb - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev bu ölkənin “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
Bolqarıstan Prezidenti bildirib:
"Mən Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsona, Yunanıstan və Türkiyə tərəfinə minnətdarlığımı bildirmək istərdim. Onlar hamısı bu təşəbbüsü dəstəklədilər, çünki bu insanlar olmasaydı, bu təşəbbüs həyata keçirilə bilməzdi. Məhz bu səbəbdən biz bu təşəbbüsü “Həmrəylik Halqası” adlandırdıq. Çünki xüsusilə bizim tərəfdaşlarımızın etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlıq təməldir. Çünki Ukraynadakı müharibə bizi mehriban qonşuluq, həmrəylik və əməkdaşlıq anlayışlarının yeni ölçülərini axtarmağa vadar etdi. Bu, əsasən beynəlxalq logistika xəritəsinə dəyişikliklər etmək imkanına malik olmaq üçün bizdən yeni həllər, yeni marşrut və təchizat axtarmağı tələb edir. Bu təşəbbüs bu istiqamətdə uğurun nümunəsidir. Aydındır ki, bugünkü Memorandumun imzalanması bizim aramızda yeni əməkdaşlıq üçün çox güclü siqnaldır. Bu, ölkələrimizin qaz təchizatı şəbəkələrinin həcmini, həmçinin aramızdakı qarşılıqlı əlaqəni genişləndirəcək.
Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq. Bir qədər sonra biz Prezident Əliyevlə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəyik. Mən cənab Prezident Əliyevə məlumat vermək istərdim ki, Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir".