“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları “xalis sıfır”a çatdırmağı hədəfləyir”.
SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub
FED.az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” panel sessiyasında deyib.
O qeyd edib ki, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb.
“Şirkətin fəaliyyətində və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün müəyyən dəyişikliklər nəzərdə tutulub. Bunlara dekarbonizasiya və yeni bizneslərin inkişaf etdirilməsinə yönəlmiş prosedurlar, alətlər və vahidlər daxildir. Yeni enerji səmərəliliyi proqramı enerji istehlakını bərpaolunan mənbələrdən əldə edilən enerji ilə, mədən yanacağını bioqaz ilə əvəzləməyə yönəlib”, - deyə Mustafa Qurbanlı əlavə edib. (Azərtac)