SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib.
FED.az xəbər verir ki, “Report”un Şərqi Avropa bürosunun məlumatına görə Şirkət bu ölkədə “SOCAR” brendli sayca 38-ci YDM-ni istifadəyə verib.
Benzin, dizel və LPG (mayeləşdirilmiş neft qazı) kimi yanacaq məhsullarının satışı həyata keçirilən məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda yanacaqla təmin ediləcək.
Məntəqədə həmçinin elektriklə işləyən avtomobillər üçün şarj da quraşdırlıb. Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Burada ümumilikdə 14 yeni iş yeri açılıb.
Xatırladaq ki, bu, Timiş regionunda istifadəyə veriləcək sayca ikinci yanacaqdoldurma məntəqəsidir. SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir.