Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətini 2026-cı ilədək uzadılmasına hazırdır.
SOCAR Rumıniyada bitum terminalının tikintisində - İŞTİRAK EDƏ BİLƏR
FED.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
Onun sözlərinə görə, dünən iki ölkə arasında imzalanmış qaz müqaviləsinin son günü idi: "Bu müqaviləyə uyğun olaraq SOCAR tədarükçünün və ya alıcının heç bir öhdəliyi olmadan illik 1 milyard kubmetr qaz tədarük edə bilib. Biz layihəni bu il və gələn il davam etdirməyə hazırıq".
E. Nəsirov qeyd edib ki, son üç ildə isə SOCAR tərəfindən 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları tədarük edilib: "SOCAR Türkiyə" Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, "SOCAR Trading" isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib".
O qeyd edib ki, SOCAR-ın Rumıniya ərazisində 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: "SOCAR Romania”da 777 işçi çalışır və biz Rumıniyada infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoymuşuq. Rumıniyaya xam neft və neft məhsullarının tədarükü SOCAR-ın bir neçə filialı tərəfindən həyata keçirilir".
E. Nəsirov həmçinin bildirib ki, Rumıniya tənzimləyicisi tərəfindən Lüksemburqda yerləşən "SOCAR Trading Gas and Power" şirkətinə lisenziyanın verilməsini gözləyirik. (Report)