SOCAR aprelin 4-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) fəaliyyətini planlı təmir işlərinin aparılması məqsədilə dayandırıb.
FED.az xəbər verir ki, “Aprelin 4-dən etibarən BNEZ-dəki qurğularının bir hissəsinin fəaliyyəti planlı profilaktika işlərinin aparılması üçün müvəqqəti dayandırılıb. Sözügedən işlər yerinə yetirildikdən sonra zavodun modernləşdirilməsi layihəsi çərçivəsində Avro-5 standartı üzrə dizel istehsalına başlamaq üçün lazım olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov bildirib.
O, həmçinin bildirib ki, BNEZ-də profilaktika işləri ilə əlaqədar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin fəaliyyəti də profilaktika işlərinin aparılması üçün aprelin 5-dən dayandırılıb.
“Hər iki müəssisənin paralel şəkildə dayandırılması onların vahid qiymət əmələgətirmə zənciri çərçivəsində bir-biri ilə qarşılıqlı əlaqəli olması ilə şərtlənib, çünki BNEZ “Azərikimya” İB üçün əsas xammal mənbəyidir”, - deyə İ.Əhmədov izah edib.
Bununla belə, o, müəssisələrin fəaliyyətinin hansı müddətə dayandırılması və şirkətin bu dövr ərzində AI-92 markalı benzin idxal edib-etməyəcəyi barədə məlumat verməyib.
Xəbər verildiyi kimi, SOCAR BNEZ-də modernləşdirmə işlərinin həyata keçirilməsi çərçivəsində 2022-ci ildə dövlət büdcəsindən 214 milyon manat ($126 milyona yaxın) alacaq.
Sonuncu dəfə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti təmir işlərinin aparılması üçün 2020-ci il avqustun 27-dən oktyabrın sonunadək dayandırılıb. Bu dövrdə zavodda AI-92 markalı avtomobil benzini istehsal edilməyib. Bu müddət ərzində dayandırılmış qurğularda da bir sıra işlər həyata keçirilib.
2022-ci il fevralın 1-dən Nazirlər Kabineti Azərbaycana idxal edilən AI-92 və AI-95 markalı avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növlərinin hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə endirilib. Bu güzəştlər bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində 2022-ci ilin ortalarında bu zavodda Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ilin ortalarında isə benzin istehsalına başlamağı planlaşdırır. Bununla da BNEZ-in modernləşdirilməsi üzrə cari mərhələ başa çatacaq. Bundan sonra zavodda AI-92 və AI-95 markalı avtomobil benzini istehsal olunacaq.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib. (İnterfaks - Azərbaycan)