“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb.
FED.az xəbər verir ki, SOCAR-dan bildirilib ki, dekabrın 13-də şirkətin baş ofisində Türkiyənin “Tekfen” şirkətinin “SOCAR Polymer” şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalanıb. Satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənov və “Tekfen Holding”in idarə heyətinin sədri Murat Gigin imzalayıblar.
Eləcə də bax: SOCAR Azərbaycanın zavodlar - KOMPLEKSİLƏ RAZILAŞDI
Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı ötən il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə bu il fevralın 18-də ölkə başçısının iştirakı ilə istismara verilib.
“SOCAR Polymer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60 faizini xarici kredit, 40 faizini səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.