SOCAR şirkəti Pakistanın təbii maye qaz (LNG) sektorunun inkişafına $100 milyon sərmayə yatırmağı təklif edib.
Eləcə də bax: SOCAR və BP yeni müqavilələri - ŞUŞADA İMZALADILAR
FED.az xəbər verir ki, bu məsələ iyunun 3-də Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov ilə Pakistanın dövlət neft naziri Musadik Malik arasında görüş zamanı müzakirə olunub.
“Malik ilə görüş zamanı səfir SOCAR-ın LNG sektoruna dair investisiya təklifini elan edib. Buna terminalın yaradılması, qısamüddətli kreditlərin təqdim edilməsi və ödənişlərin təxirə salınma mexanizmi daxildir. Neft naziri Azərbaycanın Pakistanın LNG sektoruna $100 milyon sərmayə yatırmaq təklifini alqışlayıb”, - “İnterfaks-Azərbaycan” agentliyi «Assosiated Press of Pakistan» nəşrinə istinadən məlumat verir.
“Ölkənin artan enerji tələbatında bu cür sərmayələr və tərəfdaşlıq çox böyük imkanlar deməkdir”, - nəşr nazirin sözlərindən sitat gətirir.
Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, müxtəlif sahələrdə əməkdaşlıq istiqamətlərinin genişlənməsinə diqqət ayırıblar. “Neft-qaz sektorunda tərəfdaşlıq turuzm kimi, digər sahələri də əhatə edə bilər. Azərbaycan qardaşlıq münasibətlərini Türkiyə-Azərbaycan münasibətləri kimi iqtisadi əlaqələrə transformasiya etməyi arzu edir”, - nəşr qeyd edir.
Nazir enerji üzrə İşçi Qruplarını ta dəstəklədiyini bildirib və vurğulayıb ki,enerji sektorunda bütün əməkdaşlıq məsələləri üzrə neft bölməsindən məsul şəxs təyin ediləcək.
“Həmçinin görüş zamanı neft və qaz kəşfiyyatı sahəsində Pakistanın böyük potensialı müzakirə edilib və bu mənada əməkdaşlığın möhkəmlənməsi yolları və vasitələrinin öyrənilməsi qərara alınıb”, - nəşr qeyd edir.
Səfir Azərbaycanın ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq cəhdini qeyd edib.
Səfir öz Twitter hesabında Malik ilə görüşünü səmərəli adlandırıb. “Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin perspektivlərini, xüsusilə enerji sektorunda investisiya imkanlarını müzakirə etdik”, - diplomat yazıb. (İntrefaks-Azərbaycan)