SOCAR-ın Pakistana 1 milyard dollar investisiya yatıracağı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
FED.az xəbər verir ki, bu barədə şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov feysbukda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Pakistandakı Səfirliyi artıq dünən verilən rəsmi açıqlamada buna aydınlıq gətirilib:
“Cənab səfir əslində İslamabad Ticarət və Sənaye Palatasında Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin artırılması imkanlarını müzakirə edib”.
Əhmədov qeyd edib ki, bu gün SOCAR-ın hər hansı bir xarici ölkəyə yeni investisiya qərarı yoxdur:
“Əgər gələcəkdə Pakistana və ya başqa bir ölkəyə yeni investisiya qərarı kimi bir məsələ gündəmə gələrsə, öncə dövlətimizin müvafiq səlahiyyətli qurumları ilə razılaşdırılar və ictimaiyyətə SOCAR tərəfindən müvafiq rəsmi açıqlama verilər.
Hazırkı dövrdə isə SOCAR qardaş ölkə Pakistana LNG (mayeləşdirilmiş qaz) tədarük edir və bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədir”.
***
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji sektoruna 1 milyard dollar investisiya qoymaq niyyətindədir.
Eləcə də bax: “Fitch Ratings" SOCAR-ın reytinqini stabil səviyyədə - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Pakistan KİV-lərinə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov deyib.
Səfir bildirib ki, Azərbaycandan bir sıra şirkətlər Pakistanda birgə müəssisələrin yaradılmasında maraqlıdır, çünki bu ölkəni biznes və investisiya fəaliyyəti üçün potensial bazar hesab edirlər.
O əlavə edib ki, Azərbaycanın bu ölkədəki səfirliyi şirkətlərin nümayəndələri arasında virtual görüşlər təşkil etməyə və ticarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirməyə hazırdır.
X.Fərhadov qeyd edib ki, Azərbaycan Aİ üzvləri və digər ölkələrlə sazişlər imzalayıb və Pakistanla Azərbaycanın sıx iqtisadi əməkdaşlığı Pakistan məhsulunun Mərkəzi Asiya və Avropa bazarlarına çıxışını asanlaşdıracaq.