Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda kimyəvi maddələrin və qazma mayelərinin istehsalını həyata keçirməyi planlaşdırır.
Türkmənistanda - SOCAR-ın OFİSİ AÇILDI - FOTOLAR
FED.az xəbər verir ki, “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidmətinin məlumatına görə, Özbəkistan Prezidenti 24 yanvar 2022-ci il tarixli PP-99 saylı "Respublikada istehsalın inkişafı və sənaye kooperasiyasının genişləndirilməsi üçün səmərəli sistemin yaradılması tədbirləri haqqında" qərar qəbul edib. Bu sənəddə ölkədə yüksək texnoloji istehsalın inkişafı üçün kompleks sistemin yaradılması və investisiyaların aktiv cəlb edilməsinə, tələb olunan məhsulların geniş spektrinin inkişafına və ixrac potensialının artırılmasına hərtərəfli dəstək verilməsi ilə bağlı vəzifələr müəyyən edilib. Sözügedən sənəddə göstərilən tapşırıqların icrasını təmin etmək məqsədilə, “Uzbekneftegaz” SC Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Kaşkadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalının mənimsənilməsi layihəsini həyata keçirir.
Layihə çərçivəsində Özbəkistanda, ölkəyə hal-hazırda idxal hesabına təmin olunan kimyəvi maddələrin və qazma mayelərinin istehsalının təşkil olunması planlaşdırılır. Bundan əlavə, quyuların əsaslı təmiri üçün avadanlıqların işlənib hazırlanması və yataqların işlənməsi və qazma işlərində geniş istifadə olunan qazma və tamponlama məhlulları üçün komponentlərin anbarlarda saxlanması və paylanması xidmətləri də nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu günlərdə Bakıda “Uzbekneftegaz” SC-nin ekspert qrupu ilə "Neftqaz" Elmi-Tədqiqat Layihə İnstitutu (ETLİ) arasında (SOCAR) görüş keçirilib. Görüşdə layihənin ilkin biznes planının hazırlanması məsələləri müzakirə olunub.
Səfər zamanı “Uzbekneftegaz” SC-nin işçi qrupunun üzvləri qazma və tamponlama məhlulları üçün beynəlxalq sertifikat əsasında akkreditə olunmuş sınaq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Bu laboratoriya müasir avadanlıqla təchiz olunub və "Neftqaz" Elmi-Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində SOCAR Özbəkistanda da analoji laboratoriyanın tikilməsini planlaşdırır.
Danışıqların yekunlarına əsasən, birgə işçi qrupunun üzvləri həmçinin layihənin həyata keçirilməsinin növbəti mərhələləri ilə bağlı məsələləri razılaşdırıblar. (Azərtac)