SOCAR ötən il baş verən bədbəxt hadisələrin sayını açıqlayıb.
SOCAR-ın 2015-ci il üçün illik hesabatında bildirilir ki, SOCAR-ın tabeliyində olan müəssisələrdə 2015-ci ildə 9 bədbəxt hadisə baş verib ki, bunlardan 3 hadisə ölümlə nəticələnib, o cümlədən onlardan 2-si qrup halında baş verib.
Qrup halında baş vermiş bu 2 hadisə 04.12.2015-ci ildə küləyin sürəti 40 m/san., dalğanın hündürlüyü isə 10 metrdən çox olan ekstremal hava şəraitində baş verib. Onlardan biri “Neft Daşları” NQÇİ-nin 501 saylı stasionar dəniz özülündə güclü qasırğalı hava şəraitində Nəqliyyat İdarəsinə məxsus yaşayış evciyinin içindəki işçilərlə birlikdə dənizə düşməsi nəticəsində baş verib və 1 nəfərin ölməsi, 2 nəfərin itkin düşməsi ilə nəticələnib.
Digər hadisə isə “28 May” NQÇİnin “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə işçi təzyiqi 110 atmosfer olan qazlift xəttinin dik borusunun güclü qasırğalı hava şəraitində qırılması səbəbindən yaranan partlayış və yanğın hadisəsi nəticəsində baş verib. Bu hadisə zamanı 33 nəfər işçinin xilas edilməsinə nail olunsa da, hadisə nəticəsində 13 nəfər həlak olub, 17 nəfər itkin düşüb.
1 nəfərin ölümü ilə nəticələnmiş başqa 1 bədbəxt hadisə 28.01.2015-ci ildə Nəqliyyat İdarəsində baş vermişdir. Xəsarətlə nəticələnən digər hadisələr “Neftqaztikinti” trestində (4 hadisə), “Azneft” İB-də (1 hadisə) və QEZ-də (1 hadisə) baş verib.
Baş vermiş bədbəxt hadisələrin təhqiqat materialları əsasında onların baş vermə
səbəbləri araşdırılıb, hadisələrdə insan amilinin və digər faktorların təsiri qiymətləndirilərək təhlil edilib. Bu kimi hadisələrin gələcəkdə təkrar baş verməməsi üçün müvafiq tədbirlər görülüb, o cümlədən hidrotexniki qurğularda baş verə biləcək qəza hallarının və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə qəzalı və istismara yararsız hidrotexniki qurğularda piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə yol verilməməsi, həmin qurğular üzərində olan quyulara və texnoloji xətlərə təhlükəsiz xidmət göstərilməsi, qəzalı özüllərin sökülüb götürülməsi və ya yenidən bərpası ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti müəssisələrə müvafiq tapşırıqlar verilib. Baş vermiş bədbəxt hadisələrdə təqsirli işçilər intizam məsuliyyətinə cəlb olunublar.
2015-ci il ərzində təhlükəsizlik qaydalarını pozduqlarına və bədbəxt hadisələrə yol verdiklərinə görə idarə və müəssisələrin əmrləri ilə 765 nəfər intizam və inzibati məsuliyyətə cəlb edilib. Onlardan 469 nəfərə töhmət, 110 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 186 nəfərin əmək haqqı azaldılıb.