SOCAR Ukraynadakı törəməsi “SOCAR Ukraine” vasitəsilə Moldovanın yanacaq bazarına daxil olmağı planlaşdırır. Bu barədə Ukrayna mətbuatı “SOCAR Ukraine” şirkətinin topdan ticarət istiqaməti üzrə direktoru Andrey Bıçkova istinadən məlumat verib.
““SOCAR Ukraine” Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir. Moldova bazarı Ukraynadan kiçik olsa da, orada inkişaf perspektivləri mövcuddur. Biz, həmçinin Moldovanın dövlət strukturları ilə əməkdaşlığı da istisna etmirik”, - deyə o bildirib.
Mətbuatın yaydığı məlumata görə, Moldova və Azərbaycan SOCAR-ın Moldova bazarına daxil olması imkanlarını çoxdan müzakirə edir. 2012-ci ildə Moldovanın o vaxtkı baş naziri Vladimir Filat və Azərbaycan prezidenti İlham Əliyevin görüşünün yekunları üzrə şirkətin bu ölkədə fəaliyyəti ilə bağlı razılığın əldə olunması barədə bildirilmişdi.
Moldova regionda SOCAR-ın konkret investisiya layihələri həyata keçirmədiyi yeganə ölkədir.
SOCAR Rumıniya, Ukrayna və Gürcüstanda reallaşdırılan investisiya layihələrində fəal iştirak edir. Moldova hökuməti Curculeşt limanındakı neft terminalı ilə əməkdaşlıq və yeni neftayırma zavodunun tikintisi məqsədilə investisiya imkanlarını öyrənmək üçün SOCAR nümayəndələrini ölkəyə dəvət edib.
Hazırda “SOCAR Ukraine” Ukrayna ərazisində 59 yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət 2008-ci ildə fəaliyyətə başlayıb.
Interfax©