SOCAR Midstream Operations şirkətinin mütəxəssisləri sentyabrın 21-22-də Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyasına səfər edib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, səfər zamanı müəyyən edilmişdir ki, 81 saylı sahənin tikintisi üzrə 99,8% yüksək inkişaf göstəricisi əldə olunub. Bildirilib ki, oktyabrın 1-dən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcək. Mütəxəssislərin qaldırdığı bütün suallara BP və podratçıları tərəfindən ətraflı cavab verilib. BP nümayəndələri bildirmişlər ki, TANAP Boru Kəmərinin ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur və cari ilin sonunda 81 saylı Ölçü Stansiyası tam şəkildə istismara hazır olacaq.
77 saylı Kompressor Stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77% yüksək göstəricinin əldə edildiyi müəyyən olunub. Bildirilmişdir ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilib.
SOCAR Midstream Operations mütəxəssisləri Gürcüstana səfər edib
14:40
26 Sen 2017