“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil edib.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki qurumun əməkdaşları və Nazirliyin könüllüləri iştirak ediblər.
Bakı–Şamaxı yolunun 30-cu kilometrliyində yaşıllaşdırma üçün ayrılmış ərazidə keçirilən aksiya çərçivəsində 1 hektar sahədə ümumilikdə 625 ədəd ağac əkilib. Ərazinin iqlim xüsusiyyətləri nəzərə alınaraq Eldar şamı və zeytun növlərindən olan tinglər seçilib, həmçinin ağacların davamlı su təminatı üçün damcı-suvarma sistemi quraşdırılıb.
Aksiya SOCAR-ın ölkədə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərindən biridir.
“SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru Fərhan Əliyev aksiya iştirakçılarına təşəkkür edərək bildirib ki, bu kimi tədbirlər ölkəmizdə yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.
“SOCAR Midstream Operations” MMC 24 iyul 2014-cü il tarixində qeydiyyatdan keçib və şirkət hazırda neft boru kəmərləri və müvafiq təsisatlarda SOCAR-ın strateji səhmdar hüquq və maraqlarını təmsil edir.



















