"SOCAR Petroleum" QSC (SOCAR-ın “törəmə” şirkəti) 2018-ci ilin II rübündən Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlayacaq.
"SOCAR Petroleum” 2018-ci ilin II rübündən “SOCAR” brendi altında fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində sıxılmış təbii qazın ("Compressed Natural Gas", CNG) satışına başlamağı planlaşdırır. Şirkət nəqliyyat vasitəsinə CNG ilə işləməyə imkan verən xüsusi avadanlığın quraşdırılması xidmətini tətbiq edəcək", - deyə məlumatda bildirilir.
"SOCAR Petroleum”un məlumatına görə, bu yeniliklər Azərbaycanın neft məhsullarının pərakəndə satışı bazarında ilk dəfə tətbiq edilir. Şirkət CNG-nin qiymət baxımından sərfəli alternativ yanacaq kimi müştərilərə satışına başlamağa qərar verib.
"Xüsusi olaraq yaradılmış xidmət mərkəzlərində avtomobillərə İtaliyada istehsal edilmiş keyfiyyətli və təhlükəsiz CNG-qurğular quraşdırılacaq. “SOCAR Petroleum” artıq bu xidmətdən yararlanmaq istəyən şəxslərin qeydiyyatına başlayıb. Avtomobil sahiblərinin qeydiyyatı www.socar-petroleum.az saytının CNG bölməsində və ya şirkətin “Facebook” səhifəsində aparılır", - deyə məlumatda vurğulanır.
Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.
Hazırda Azərbaycanda “BakuBus” şirkətinin "Iveco" markalı sərnişin avtobusları "SOCAR Petroleum" şirkətinin 2015-ci il iyunun 3-də istismara verilmiş Zığ-Hövsan terminalında istehsal edilən CNG ilə işləyir.
marja©