SOCAR (ARDNŞ) “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlayıb.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək”, - deyə məlumatda deyilir.
Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək istehsalat və yaşayış sahələrindən ibarət olacaq.
Platformada 2 minik meydançası, 4 yanalma meydançası, 1 aralıq seksiya ibarət olacaq. Özülün tikintisi üçün 3134 ton metal sərfi nəzərdə tutulub.Hazırda “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir.
Artıq özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.
Özül 16 istismar quyunun qazılması üçün nəzərdə tutulur. 730 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.
Tikintinin başa çatdırılması və istifadə verilməsi barədə məlumat verilmir.