SOCAR istiqrazları ilə 120 milyonluq REPO gözlənilir
16:32
21 Dek 2017
2018-ci ildə SOCAR-ın istiqrazları ilə həyata keçirilən REPO-əməliyyatları üzrə qısamüddətli kreditlərin həcmi 120 mln. manat təşkil edə bilər. Bunu SOCAR Capital-ın İnvestisiya və Əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov deyib.
Xəbər verildiyi kimi “PSG Kapital” broker şirkəti (SOCAR-ın istiqrazlarının marketmeykeri) 2017-ci il noyabrın 10-dan bu qiymətli kağızlarla REPO-əməliyyatlarına başlayıb. Beləliklə, SOCAR istiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər neft şirkətinin istiqrazları ilə REPO-əməliyyatları vasitəsilə qısamüddətli kreditlər ala biləcəklər.
Belə əməliyyatlar üzrə ilk sövdələşmə 2017-ci il dekabrın 1-də bağlanıb.
"Verilmiş kreditlərin ümumi həcmi 5 mln. manat təşkil edib", - deyə E.Həsənov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, kredit vəsaitləri illik 3,5%-lə verilir.
Kreditin maksimum həcmi borcalanın malik olduğu istiqrazların məbləğinin 95%-ni təşkil edir.
"Bizim təxmini hesablamalarımıza görə, 2018-ci ildə belə əməliyyatların ümumi həcmi 120 mln. manat təşkil edəcək", - deyə E.Həsənov əlavə edib.