Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə, əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır. Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:
“Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və “OPEC plus” formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik”.
İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.
Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.