Bu gün “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istismara verilmiş Polipropilen Zavodunun məhsullarının ölkədən ixracına başlanılır. FED.az xəbər verir ki, bunu "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib.
O qeyd edib ki, ilkin olaraq 170 ton məhsulun Türkiyə bazarına ixracı nəzərdə tutulub. Zavodun ixrac həcminin ilin sonuna qədər 15 min tona çatdırılması planlaşdırılır.
F.Cəfərovun sözlərinə görə, indiyə qədər zavodda 6 min tona yaxın polipropilen istehsal edilib.
Baş direktor bildirib ki, polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracını 16% artıracaq.
Onun sözlərinə görə, "SOCAR Polymer"in Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının məhsulları üzrə illik satışın məbləği 350 mln. ABŞ dolları olacaq: "Məhsulların, təxminən, 75-80%-i ixrac olunacaq. İxrac üçün əsas prioritet Türkiyə bazarıdır. Bundan başqa, Rusiya, Avropa bazarlarına da ixrac nəzərdə tutulur. Türkiyə və Rusiyadan ilkin təkliflər alınıb".
F. Cəfərov Türkiyə ilə yanaşı gələcəkdə məhsulların Rusiya, Avropa,Ukraynaya ixracının da nəzərdə tutulduğunu əlavə edib.
F.Cəfərov "SOCAR Polymer" layihəsinin uğurla həyata keçirilməsində dövlətin və ilk məhsulun uğurla ixracında "SOCAR Trading" şirkətinin rolunu qeyd edib: "Bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, dövlətin dəstəyi ilə oldu.
Dövlətin vergi güzəştləri, infrastruktur dəstəyi sayəsində layihənin icrasında 200 mln. manata qənaət etməyə imkan yaranıb. Bu gün həyata keçirilən ilkin satışı da nəzərə alaraq SOCAR-ın ticari dəstəyini xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, SOCAR-ın ticarət şirkəti "SOCAR Trading" yarandığı gündən indiyədək Azərbaycan neftinin digər markalı neftlərə, o cümlədən "Brent" neftinə nisbətən qiymətini artıraraq ölkə büdcəsinə, təqribən, 1,5 mlrd. ABŞ dolları əlavə gəlir gətirib. Biz də "SOCAR Polymer" olaraq böyük mərkəzləşmiş treydinq sisteminin parçası olmağın əhəmiyyətini görürük. Məlum olduğu kimi, yeni istehsalçılar, xüsusən də polimer istehsalçıları məhsullarını bazara çıxararkən bazar payı əldə etmək üçün ilkin olaraq məhsullarını 10-15% ucuz satmalıdırlar, lakin bizim məhsul ilk partiyadan başlayaraq orta bazar qiyməti ilə satılacaq və uzun müddətdə 100 mln.larla dollar əlavə gəlir gətirəcək".
Qeyd edək ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.
Polipropilen Zavodunın açılışı bu il iyulun 18-də prezident İlham Əliyev və İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə baş tutub.