Azərbaycanın ən böyük şirkəti, ölkə iqtisadiyyatının aparıcı aktivi olan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə SOCAR, bir qədər də böyüyüb, eyni zamanda şirkətin gəlirləri azalsa da, xalis mənfəəti kəskin artıb.
Beləliklə, 2024-cü ildə Dövlət Neft Şirkətinin ümumi gəlirləri 84 milyard 689 milyon manat təşkil edib.
Şirkətin satışlarının maya dəyəri isə 77 milyard 296 milyon manat olub.
2023-cü illə müqayisədə şirkətin gəlirləri 512 milyon manat azalıb, satışın maya xərcləri isə əksinə, 657 milyon manat artıb.
Nəticədə SOCAR-ın cəmi mənfəəti 2023-cü ildə 8 milyard 562 milyon manat olduğu halda, 2024-cü ildə 7 milyard 393 milyon manat olub.
2024-cü ildə SOCAR-ın xərcləri təqribən 700 milyon manat azalıb. Belə ki, ötən il şirkətin xərcləri 6 milyard 457 milyon manat olub. 2023-cü ildə isə bu xərclər 7 milyard 189 milyon manat olmuşdu.
Məsələn, paylaşdırma xərcləri 2023-cü ildə 2,2 milyard manat olduğu halda, 2024-cü ildə 2 milyard manata enib. Sair əməliyyat xərcləri 2023-cü ildə 2,6 milyard manat olduğu halda, 2024-cü ildə 1,9 milyard manat enib.
Əvəzində 2024-cü ildə SOCAr-ın ümumi və inzibati xərcləri 300 milyon manat artaraq 2,25 milyard manata çatıb.
Bununla yanaşı, 2024-cü ildə SOCAR-ın sair əməliyyat gəlirləri 1,97 milyard manat olub, halbuki. 2023-cü ildə bu rəqəm 843 milyon manat idi.
Nəticədə 2024-cü ildə SOCAR-ın əməliyyat mənfəəti 2 milyard 906 milyon manat olub. 2023-cü illə müqayisədə xalis mənfəət 707 milyon manat və ya 30% artıb.
Digər gəlir xərc bölməsində SOCAR-ın faiz gəlirləri 852 milyon manat (188 milyon manat və ya 28% artıb), xarici monettar mövqe üzrə gəlirləri 1 milyard 114 milyon manat (111 milyon manat və ya 10% artıb), asılı müəssisələrdəki gəlrləri 867 milyon manat (255 milyon manat və ya 30% artıb), birgə müəssisələrdən gəlirləri 540 milyon manat (216 milyon manat və ya 35% azalıb) təşkil edib.
Nəticədə SOCAR-ın 2024-cü ilin sonunda vergi ödəməzdən əvvəlki mənfəəti 3 milyard 839 milyon manat olub. Bundan 912 milyon manat mənfəət vergisi ödəyəndən sonra şirkət 2024-cü ili 2 milyard 927 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu 2023-cü illə müqayimsədə 850 milyon manat artıqdır.
2024-cü ildə SOCAR daha da böyüyüb. Şirkətin cəmi aktivləri 22,7 milyard manat və ya 30%-dən çox artaraq 94,7 milyard manata yüksəlib.
Ötən il SOCAr-ın əsasən pul vəsaitlərindən ibarət olan cari aktivləri 6 milyard manat artaraq 28,5 milyard manat olub.
Əmlak və uzunmüddətli investisiyaları əhatəedən uzunmüddətli aktivlər isə 17 milyard manat artaraq 49 milyard manatdan 66 milyard manata yüksəlib. Belə kəkin artıma səbəb SOCAR-ın ötən il bəzi müəssisələrdən və layihələrdən pay alması olub.
Aktıvlərinin 22 milyardl manat artmasına baxmayaraq işrkətin öhdəlikləri daha az, cəmi 9 milyvard manat böyüyərək 46 milyard manata çatıb.