2016-cı ildə İstanbul birjasında xarici investorlar 614 mln. dollarlıq alış gerçəkləşdirib.
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xarici investorlar ilin 4 ayında satış, 8 ayında isə alış həyata keçirib.
2016-cı ilə alışla start verən xarici investorlar may ayınadək ümumilikdə 1,8 mlrd. dollarlıq əməliyyat aparıb. May ayından etibarən isə investorlar ABŞ-ın Federal Ehtiyat Bankı (FED) tərəfindən uçot dərəcəsinin artırılmasını nəzərdən keçirib və sürətli şəkildə satışlara başlayıb. 3 ay davam edən bu proses nəticəsində xarici investorlar ümumilikdə 1,4 mlrd. dollarlıq satış həyata keçirib.
Xarici investorlar dekabr ayında daha çox bank səhmlərinə yatırım edib. Buna paralel olaraq, ilin son ayında xarici investorlar sənaye şirkətlərinin hissələrindən "canını qurtarıb".
Dekabr ayında ən çox maraq göstərilən qiymətli kağızlar "HalkBank"ın səhmləri olub. Eyni zamanda, ən çox satılan SOCAR-ın törəmə müəssisəsi olan "Petkim Petrokimya Holding A.Ş."-nin ("Petkim") səhmləri olub. Dekabr ayında "Petkim"in 16,9 mln. dollarlıq səhmi satılıb.