İnteqrasiya prosesini tamamlayaraq yaratdığı yeni korporativ strukturu ilə fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Turkey” şirkətində kadr dəyişikliyi olub.
Eləcə də bax: “SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, “SOCAR Turkey”in tərkibində SOCAR brendi ilə təbii qaz və elektrik təchizatı, ticarət və topdansatış xidmətləri, həmçinin “Bursagaz” və “Kayserigaz” brendləri ilə təbii qazın paylanması xidməti göstərən Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov təyin edilib.
Qeyd edək ki, 2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F. İbrahimov Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə” ailəsinə Neft-Kimya Biznes Qrupu Direktoru kimi qoşulduqdan sonra, Neft Emalı və Neft-Kimya Biznes Bölməsində və Korporativ Mərkəzdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri təyin edilən F. İbrahimov müvafiq bölmənin nəzdində fəaliyyət göstərən “Bursagaz”, “Kayserigaz” və “SOCAR Enerji Ticaret” şirkətlərinin idarəçiliyinə cavabdeh olacaq.