Koronavirus (COVİD-19) pandemiyasının yayılması iqtisadi aktivliyi zəiflədiyindən bir çox dünya bazarında neftə tələbat kəskin azalmağa başladı. Nəticədə, dünya bazarlarında neftin qiyməti rekord səviyyədə düşdü. Vəziyyətin kəskinləşməsi, bazarlarda dalğalanmalar nəticəsində bir çox enerji şirkətləri xərclərini azaldacağını bildirdi.
Eləcə də bax: SOCAR: "Heç bir ixtisarla bağlı müzakirə aparılmır"
FED.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, bazarı iki il ərzində tənzimləmək çox çətin olacaq və buna görə də enerji şirkətləri xərclərində kifayət qədər azalmalara yol verəcəklər.
O qeyd edib ki, şirkətlər həm işçi qüvvəsinin, həm də kapital xərclərinin azaldılması, hasilatın optimallaşdırılması ilə bağlı addımlar atacaqlar: “Artıq ABŞ-ın şist neft yataqlarında bu azalmalar müşahidə olunur. Burada həm qazma aktivliyi aşağı düşüb, həm də belə davam edərsə, vaxtlarda artıq ABŞ-ın şist neft yataqlarında böyük işçi heyətinin ixtisarı müaşhidə olunacaq. Bunu 2014-2015-ci illərdə də müşahidə etmişdik. Onda da ABŞ-da həm qazma aktivliyi aşağı düşmüşdü, həm hasilat həcmlərində azalmalar müşahidə olunurdu.
Ən əsası 350 min işçi heyət neft sənayesindən ayrılmaq məcburiyyətində qalmışdı. Yalnız bu 2016-cı ildən sonra bu mərhələ-mərhələ bərpa olunmağa başlandı”,- ekspert əlavə edib.
Bəs Azərbaycanda hansı addımlar atılacaq? Bu sahədə ixtisarlar gözlənilirmi?
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) may ayında işçiləri kütləvi sürətdə ixtisar edəcəyinə dair məlumatlar yayılır. Şirkət bununla əlaqədar rəsmi qaydada bəyan edib ki, hazırda heç bir ixtisarla bağlı müzakirə aparılmır və işçilərin kütləvi surətdə ixtisara salınması gündəmdə deyil.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli açıqlamasında belə mürəkkəb və həssas zamanda SOCAR-ın belə addım atacağına inanmadığını deyib.
Onun sözlərinə görə şirkət bu günə kimi milli iqtisadiyyatda yeni iş yerlərinin yaradılmasına böyük töhfə verən qurumlardandır:
"İndiyədək şirkət “SOCAR Metanol”, “SOCAR Karbamid” zavodları istismara verilməklə, “SOCAR Polymer” və bu kimi digər layihələri həyata keçirməklə ölkədə məşğulluğun artırılımasına böyük töhfə verib. İşçilərin peşəkar bacarıqlarının davamlı təkmilləşdirilməsinə əhəmiyyətli sərmayə qoyan SOCAR-ın belə mürəkkəb və həssas bir zamanda kütləvi ixtisarlar edəcəyi inandırıcı deyil. Hətta iqtisadi cəhətdən əsas olacağı təqdirdə belə SOCAR-ın mövcud durumda bu işi sosial missiya kimi üzərinə götürəcəyini, kütləvi ixtisarlara əl atmayacağını gözləyirəm. Şirkətin milli iqtisadiyyat üçün önəmini nəzərə alsaq, bu addımın domino effekti yaradacağını və sosial gərginliyə yol açacağını ehtimal etmək olar”.
Marja