Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 15-18-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində SOCAR-ın prezidenti, Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) ev sahibliyi ilə dünyanın 30-dan artıq aparıcı enerji şirkətinin icraçı direktorlarının qatıldığı dəyirmi masada və Abu Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi-konfransında (ADIPEC) iştirak edib.
Dəyirmi masanı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətinin idarəedici direktoru və Qrup rəhbəri Dr. Sultan Əhməd Əl Caber açaraq qonaqları salamlayıb. Tədbirin moderatoru, IHS Markit informasiya provayderinin vitse-prezidenti, tanınmış ekspert Daniel Yergin müzakirə olunacaq mövzuları iştirakçıların diqqətinə çatdırıb. Dəyirmi masanın gündəliyində getdikcə dərinləşən hasilat çatışmazlığının aradan qaldırılması və enerji keçidi dövründə şirkətlərin üzləşdikləri çağırış və fürsətlər əsas diqqət mərkəzində olub. İştirakçılar bu il 31 oktyabr-13 noyabr tarixləri arasında Qlazqoda keçirilmiş BMT İqlim Dəyişiklikləri Konfransından (COP26) sonra karbohidrogenlər sahəsinə investisiyaların azalmasının qısa və orta müddətli dövr ərzində enerji istehsalına göstərəcəyi təsiri, habelə enerji sənayesində bu istiqamətdə idarəçilik məsələlərini müzakirə edib, hasilat və emal sənayesinin iqlim dəyişikliyi ilə mübarizədə rolu, innovasiyalar, tətbiq edilə biləcək yenilik və imkanlar haqqında fikir mübadiləsi aparıblar.
Noyabrın 15-də SOCAR-ın nümayəndə heyəti ADIPEC sərgi-konfransının açılış mərasimində və konfransın sessiyalarında iştirak edib. SOCAR-ın sərgidəki stendi ziyarət olunub, bir sıra ikitərəfli görüşlər keçirilib.
Hər il dünyanın neft, qaz və enerji şirkətləri təmsilçilərini və peşəkar mütəxəssisləri bir araya gətirən Abu Dabi Beynəlxalq neft-qaz sərgi konfransı (ADIPEC) qlobal enerji sahəsində getdikcə genişlənən və yeni dəyər yarada biləcək imkanları müəyyənləşdirir və hərəkətə gətirir. Sərgidə 2000-dən çox şirkət, o cümlədən 51 milli neft şirkəti, beynəlxalq neft və enerji şirkətləri yeni məhsullarını, həll və texnologiyalarını təqdim edir, yeni biznes əlaqələri qurmaq üçün imkanlar qazanır. Sərgidə 26 ölkənin stendləri nümayiş olunub və bu stendlərdə sənayenin bütün dəyər zənciri boyunca yaradılmış beynəlxalq ticarət mühiti öz əksini tapıb.