Bu gün Azərbaycan və İsrail arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.
FED.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verir.
SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Eyni zamanda SOCAR layihənin operatoru seçilib.
Məlumata görə, layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsrail ilə HƏMAS arasında münaqişənin gərginləşməsi səbəbindən təxirə salınıb.
Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramını əhatə edən plan təqdim etməlidir.
Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər.
Bu müddət bitdikdən sonra lisenziya sahibləri lisenziyalarının daha 2 il uzadılmasını tələb edə bilərlər. Bu, neft məsələləri üzrə komissar təsdiqlədiyi yenilənmiş iş proqramı və ən azı bir lisenziya çərçivəsində qazma öhdəliklərinin təsdiq edilməsi şərti ilə mümkündür. (Report)