12 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “SAP SE” şirkətinin Orta və Şərqi Avropa üzrə baş əməliyyat direktoru İqor Kurkov ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə SOCAR ilə “SAP SE” şirkəti arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, ötən illər ərzində qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Bu xüsusda, beynəlxalq təcrübəyə uyğun olaraq, 2008-ci ildə SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi sahəsində aparıcı proqram təminatı olan SAP ERP sisteminin, parallel olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlanıldığı qeyd edilib.
Bununla yanaşı, SOCAR-da 2015-ci ildən etibarən “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi”nin həyata keçirildiyi, bu çərçivədə işə qəbul və adaptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası üzrə qabaqcıl təcrübələrin tətbiq edildiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin rəqəmsallaşma və innovasiyanın SOCAR-ın uzunmüddətli korporativ strategiyasında prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi, müəssisələrdə rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verildiyi bildirilib.
Görüş çərçivəsində insan kapitalı, innovasiya və rəqəmsallaşma sahələrində mövcud və perspektiv əməkdaşlıq imkaları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.