SOCAR tərəfindən Sumqayıtda inşa olunan karbamid zavodunda işlərin 95%-i tamamlanıb. Bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
Onun sözlərinə görə, zavodda mühəndislik və satınalma işlərinin 100%-i, tikinti işlərinin 89%-i, mülki işlərin 97%-i, quraşdırma işlərinin isə 75%-i başa çatıb.
Onun sözlərinə görə, cari ilin aprel ayına olan göstəriciyə əsasən, təhlükəsiz iş saatları 10 mln. saat təşkil edib. Direktor əlavə edib ki, 2018-ci ilin yanvar ayına bu göstərici 15 mln. saat olacaq.
"Tikinti dövrü ərzində zavodda çalışan işçilərin sayı 2800-3200 nəfər olub. Zavod istismara verildikdən sonra isə zavodda 300-350 nəfər işçi çalışacaq", - deyə X.Cəfərov qeyd edib.
Direktor xatırladıb ki, 2015-ci ilədək zavodun tikintisi dövlət büdcəsindən maliyyələşdirilirdi: "Daha sonra isə "Korea EXIM Bank" vasitəsilə 251 mln. avro, "Unicredit", "Societe Generale" və "Deutche Bank" vasitəsilə isə 249 mln. avro həcmində kreditin cəlbinə nail olduq".
X.Cəfərov onu da bildirib ki, zavodda istehsal olunacaq məhsulun 25%-i daxili bazarın tələbatı, 75%-i isə ixrac üçün nəzərdə tutulub.