Dövlət Neft Şirkətində (SOCAR) şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayı ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib.
FED.az xəbər verir ki, iclasda çıxış edən Rövnəq Abdullayev bildirib ki, dünyadakı korornavirus pandemiyası ilə əlaqədar olaraq ötən dövr bütün iri neft və qaz şirkətləri üçün ağır keçir.
Şirkət rəhbəri hazırkı şəraitdə qənaət rejiminin vacib olduğunu bildirib, qeyd edib ki, SOCAR bu yolla maksimum səmərə əldə etməlidir.
Sonra şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim edib.
Hesabatda xatırlanıb ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, SOCAR da neft hasilatını müvəqqəti azaldıb. Bununla əlaqədar olaraq şirkətdə islahat və optimallaşdırma tədbirlərinə başlanılıb.
Süleyman Qasımov deyib ki, bu ilin 9 ayı ərzində SOCAR istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) 4,1 milyard manat gəlir əldə edib.
Gəlirin 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür. 2019-cu ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 863,7 milyon manat və ya 17 % azalıb.
Bununla yanaşı qeyd edilib ki, gəlirlərin azalması əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb. FED.az bildirir ki, bu - neftin dünya bazarında qiymətinin aşağı düşməsi və daxili bazarda yanacağa tiələbatın azalması ilə bağlıdır. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə isə artım baş verib.
SOCAR-ın vitse-prezidenti S.Qasımıov bildirib ki, şirkət bu vəziyyətdə qənaətə keçib. Onun sözlərinə görə, bu dövrdə şirkət əmək haqqı və DSMF ayırmalarından başqa, bütün xərclərdə qənaət edib.
Şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılaraq əvvəlki proqnoza nisbətən 1,3 milyard manata qənaət edilib. «Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri ilə birlikdə buna uyğun olarq xərcləri də azaldılıb, bununla da əməliyyatların dayanıqlığı təmin olunub»-deyə SOCAR-dan bildirilib.
İclasda SOCAR-ın vitse-prezidentləri Y. Lətifov, X. Məmmədov, M. İsmayılov, D. İskəndərov, "Azneft" İB-nin Baş direktoru Ş. Hüseynov idarə və müəssisələrinin xərclərinin və idarəetmə sisteminin optimallaşdırılması, qənaətin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
İclasa yekun vuran SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma inkişaf etdirilməli, vəsaitlərə maksimum qənaət edilməlidir. Şirkətin rəhbəri 2021-ci ilin gəlir və xərclər smetasının da yaxın dövrdə hazırlanıb təqdim edilməsini tapşırıb.
Rövnəq Abdullayev bildirib ki, dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətiib (yeni vəziyyət yaradıb – FED.az). Bu vəziyyət SOCAR-da aparılan islahatları da sürətləndirib. Şirkət rəhbəri bildirib ki, R. Abdullayev qeyd edib ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırki böhrandan daha güclü çıxacaq.