Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.
FED.az biznes və istisadi xəbərlər agentliyi xəbər verir ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.
İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 faiz, SOCAR-ın isə 35 faiz paya sahib olması nəzərdə tutulur.
***
“MOL Group” şirkətinin prezidenti ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyində Macarıstanın "MOL Group" şirkətinin prezidenti ilə görüşdə enerji sahəsində fəaliyyətin şaxələndirilməsi müzakirə edilib.
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın "MOL Group" şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb.
Görüşdə “MOL Group” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib.
Tərəflər “Mol Group”un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər. “MOL Group” və SOCAR arasında tərəfdaşlığın inkişafı və enerji sahəsində fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan “MOL Group” Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.