COVİD-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.
Eləcə də bax: 50 milyard manat gəlir: SOCAR ötən il üzrə maliyyə göstəricilərini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu ilin II rübündə şirkətin birbaşa istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz hasilatında 7% artım deməkdir.
Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 milyard kubmetrə yaxınlaşıb, neft hasilatı isə azalaraq, 8,4 milyon ton təşkil edib.
SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində rüb ərzində qazma əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14 min metrə qədər azaldılıb.
II rübdə SOCAR 1,8 milyon tondan6 artıq neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24% çoxdur. Eyni zamanda şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr təbii qaz emal olunub.
Hesabat dövründə SOCAR xarici bazarlara 4,2 milyon ton xam neft ixrac edib. Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ölkədən qaz ixracı ümumilikdə 3,5 milyard kubmetr həcmindən artıq olub. Bu isə ötən ilin müvafiq dövründəkindən 17% çoxdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir.
II rübdə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 2,2 milyard kubmetrə yaxın olub. (Report)