2022-ci ilin I yarısında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $109,95 təşkil edib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələrvə Kommunikasiya Xidmətindən məlumat verilib.
Eləcə də bax: Avropa Azərbaycandan 20 milyard kubmetr qaz alır - BÖYÜK MÜQAVİLƏ İMZALANACAQ
“2022-ci ilin yanvar-iyun aylarında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $109,95 təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 68% çoxdur”, - şirkətdən bildiriblər.
Xəbər verildiyi kimi, 2022-ci ilin birinci rübünün yekunları üzrə “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $102,68 olub.
Milli Məclisin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda qəbul etdiyi dəyişikliklərə əsasən, ixracdan dövlət gərlirlərinin hesablanması zamanı neftin orta qiyməti bir barel üçün $70 götürülüb. ÜDM-in hesablanması zaman istifadə olunan neftin ixrac qiyməti bir barel üçün $85 təşkil edəcək.
Xəbər verildiyi kimi, 2021-ci ildə “Azeri Light” markalı neftin CİF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür. (İnterfaks-Azərbaycan)