Gürcüstanda təbii qazın qiyməti 5 tetri arta bilər.
FED.az APA-ya istinadən xəbər verir ki, "Rezonansi" qəzetinin yazdığına görə, dörd şirkət tarif artımı ilə bağlı hökumətə müraciət edib. Hökumətə müraciət "Qaz nəqli şirkəti", "SOCAR Georgia Gas", "Qruzqorqaz" və "Kaztransqaz" şirkətlərindən daxil olub.
Şirkətlər larinin məzənnəsindəki volatilliyi və yatırdığı investisiyaları gözlənilən artıma səbəb kimi göstərir.
Hökumətdən məsələyə münasibət bildirilməyib. Gürcüstanın Tarif Komissiyasının rəsmiləri isə bildirib ki, hazırda şirkətlər tərəfindən daxil olan sənədlərin əksəriyyəti öyrənilib.
Aidiyyəti qurumlar artımın baş verəcəyi ilə bağlı danışmağa tələsmir. İqtisadçılar isə hesab edir ki, böyük ehtimalla, artım 5 tetri səviyyəsində olacaq. Ekspertlər deyir ki, artım o qədər də böyük olmasa da, aztəminatlı təbəqənin büdcəsinə ciddi ziyan vuracaq. "Onlar üçün hətta indiki tarif də yüksəkdir. Xüsusilə də qış mövsümündə... Lakin artım qaçılmazdır və yeni tarif daha real olacaq. Belə ki, bu tarifdə nəinki larinin yeni məzənnəsi, eyni zamanda şirkətlərin investisiyaları da əksini tapacaq. Larinin devalvasiyasından xeyli vaxt keçib, lakin uzun müddətdir qaz tarifləri dəyişməz qalıb", - deyə ekspert Emzar Cqerenaya bildirib.
Ekspert əlavə edib ki, sosial qaz mövzusunu qapatmaq lazımdır: "Varlıları subsidiyalaşdırmaq lazım deyil. Bu məsələdə hər kəs mənimlə razılaşar. Subsidiya kasıb təbəqəyə lazımdır".