Sentyabrın 28-də Gürcüstanın Acaristan bölgəsinin Xutsubani kəndində bir milyonuncu abonentə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.
Mərasimdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.
Zurab Pataradze tədbirdə çıxış edərək, hökumətin əhalinin təbii qazla təminatı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, SOCAR-ın dəstəyi ilə bu işlər davam etdirilir və bu gün bir milyonuncu abonentə təbii qaz verilir.
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin Gürcüstanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, 2008-ci ildə Gürcüstanda fəaliyyətə başlayan “SOCAR Georgia Gas” şirkəti ötən müddət ərzində 5300 kilometrdən çox yeni qaz xətti çəkib, 600 yaşayış məntəqəsini qazlaşdırıb. Bütün ölkə üzrə 600000, o cümlədən Acarıstan regionu üzrə 67 min aktiv və potensial istehlakçını təbii qazla təchiz edib.
Şirkət bütün ölkə miqyasında ən böyük qazlaşdırma layihəsini həyata keçirir və 2017-ci ilin sonuna Gürcüstan əhalisinin təxminən 75 faizi təbii qazla təmin ediləcək. Bu layihə çərçivəsində azı 250 milyon ABŞ dolları dəyərində investisiya qoyulacaq və 250 mindən artıq yeni abonentin qazlaşdırılması həyata keçiriləcək.
R.Abdullayev vurğulayıb ki, SOCAR bu 10 ildə Gürcüstana 1 milyard dollardan çox sərmayə qoyub. Bunun 300 milyon dolları Kulevi neft terminalına yönəldilib. Sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək.
“SOCAR Energy Georgia” Gürcüstanın ən iri vergi ödəyicilərinin siyahısına başçılıq edir.
Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili çıxış edərək SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Ölkənin qazlaşdırılmasında və tranzit qabiliyyətinin artırılmasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları bir milyonuncu abonentin evində olublar.
R.Abdullayev SOCAR adından abonentə hədiyyə təqdim edib.
Azertag©