Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR neftin cari qiymətlərini ortamüddətli planlaşdırma üçün qənaətbəxş hesab edir.
SOCAR: "Hədəflərimizdən biri Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyidir"
FED.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.
“Biz kifayət qədər aşağı qiymətlər də daxil olmaqla, müxtəlif qiymət şərtlərində uğurla işləmişik. Hazırda ortamüddətli planlaşdırma baxımından hazırkı qiymətlər tamamilə qənaətbəxşdir”, - o bildirib.
Azərbaycanın “OPEC+” çərçivəsində fəaliyyətinə toxunan SOCAR-ın nümayəndəsi qeyd edib ki, ölkə bu təşkilatın apardığı siyasəti dəstəkləyir.
Onun sözlərinə görə, neftin son zamanlar ucuzlaşmasına baxmayaraq, bu enerji resursunun qiymətinin yenidən artacağı ilə bağlı gözləntiləri var.
“Qiymətlərin daha da aşağı düşəcəyinə inanmıram. Hesab edirəm ki, bununla bağlı tendensiya yuxarıya doğru istiqamətlənəcək. Əgər belə olarsa, o zaman neft hasilatında ciddi azalmanın olacağını gözləmirəm”, - V.Bəylərbəyov vurğulayıb.
O əlavə edib ki, Asiya və Qərb ölkələrində, ilk növbədə ABŞ-da tələbat azalarsa, vəziyyət dəyişə bilər. (Report)