Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin bir hissəsini ixtisar edib və yeni işçi qəbulunu dayandırıb. FED.az xəbər verir ki, şirkət bir qədər əvvəl ixtisar edilən işçilərlə bağlı yeni proqrama başlayıb.
Şirkətdən FED.az-a verilən açıqlamada bildirilir ki, Azərbaycanın OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar öhdəliklərinin icrası məqsədi ilə hazırda SOCAR-da optimallaşdırma işləri aparılmaqdadır və bununla bağlı şirkətdən kənar işə qəbul prosesi müvəqqəti məhdudlaşdırılıb.
«Eləcə də, həmin razılaşma çərçivəsində öhdəlikləri icra etmək və neft hasilatını azaltmaq üçün bir sıra yataqların fəaliyyəti dayandırılıb və iş həcmləri azaldılıb».
Şirkət bildirir ki, bu tədbirlər nəticəsində şirkətin əməkdaşlarının bir hissəsi işini dayandırmalı olub və ya ixtisar edilib – SOCARın açıqlamasında belə işçilər «boş dayanan» və «sərbəstləşən» kimi adlandırılır. İndi şirkət həmin işçiləri yerləşdirmək üçün yeni proqrama başlayıb. «Boşdayanması gözlənilən SOCAR əməkdaşlarının məşğulluğu və sosial vəziyyətini təmin etmək üçün bəzi tədbirlər görülür. Belə ki, «SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə» Proqram təsdiq edilib və icrası davam etməkdədir»-deyə bildirilir.
Bu proqrama əsasən, SOCAR üzrə yaranan vakant yerlərə ilk növbədə şirkətin öz əməkdaşlarının o, cümlədən boşdayanmada olan və sərbəstləşən işçilərin qəbulu üçün 10.02.2021-ci il tarixində şirkətdaxili vakansiyalar elan edilib.
SOCAR əməkdaşları işçi portalına daxil olmaqla «Karyera imkanları» bölməsinin «Vakansiyalar üzrə axtarış» hissəsində müvafiq vakant yerlərlə tanış olaraq müraciət edə bilərlər.
Şirkətdən bildirilib ki, bu vakansiyalara qəbul zamanı ilk növbədə boşdayanmada olan və ya sərbəstləşən işçilərə üstünlük veriləcək: "Eyni zamanda qeyd etmək istəyirik ki, müraciətçilər arasında vakansiya üzrə kvalifikasiya tələblərinə uyğunluğu nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə və yaşayış ünvanına uyğun olaraq ilk növbədə boşdayanmada olan və ya sərbəstləşən işçilərin işə qəbul məsələsinə baxılacaq və onlara üstünlük veriləcəkdir"-deyə bildirilir.