Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, şəhid neftçilərin ailə üzvləri və neftçi qazilər iştirak ediblər. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Neftçilər Vətən müharibəsində” foto-albomunun və eyni adlı filmin təqdimatı keçirilən tədbirdə təqdim olunan foto-albom və film haqqında tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş SOCAR əməkdaşlarının həyat hekayələrinin əks olunduğu albom-kitabda Azərbaycan neftçilərinin Vətənə, millətə bağlılığı, ənənələrə sədaqəti əks olunub.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçilər ailəsini Zəfər günü münasibəti ilə təbrik edib, SOCAR ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açıb.
SOCAR-ın prezidenti deyib: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamışdır. 500-dən artıq neftçinin iştirak etdiyi Vətən müharibəsində 6 unudulmaz həmkarımız - Alı, Oktay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək şəhidlik məqamına yüksəlmişlər. Onların xatirəsinin əbədiləşdiriləcək, onların ülvi idealları gənc nəslə aşılanacaq. Bu gün nümayiş etdirilən film və “Neftçilər Vətən müharibəsində” kitabı bu istiqamətdə atılmış ilk addımlardandır”.
SOCAR prezidenti şəhid neftçilərin ailə üzvlərinin və neftçi qazilərin problemlərinin daim diqqət mərkəzində olduğunu söyləyib, bu istiqamətdə görülən işlərdən danışıb.
Sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək ötən il Vətən müharibəsində əldə edilmiş qələbənin hər bir Azərbaycan vətəndaşının Zəfər yaddaşı olduğunu bildirmiş, ötən müddətdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.
Qazilərdən Təhlükəsislik İdarəsinin öperativ şöbəsinin mühəndisi Pərviz Quliyev öz döyüş təəsüratlarından danışıb, Vətən müharibəsində əldə edilmiş qələbənin inanılmaz hiss olduğunu bildirib. Qeyd olunub ki, Qarabağ uğrunda canından keçən qəhrəmanlarımız bu zəfərlə qalib millət obrazını tamamlayıblar.
Tədbirin sonunda “Neftqazelmitədqiqatlayihə” institutunun texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev İkinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin ailə üzvləri, neftçi-qaziləri və bütün Azərbaycan neftçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxuyub.