Prezident İlham Əliyevin əhаlinin maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əməkhaqqı 20 faiz artırılıb.
Sentyabrın 1-dən SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin tarif (vəzifə) maaşları artırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə qərarına əsasən, Əmr-qərar verilib.
Əmrə əsasən 1 sentyabr 2019-cu ildən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 faiz artırılır.
”Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməliyinin ödənilməsi haqqında Əsasnamə”yə 1, 2, 3, 4, 6, 7, 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59a,65-1 və 65-2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin.
Əmr-qərarın icrasına nəzarət SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova və ANQSİHİRK-nın sədr müavini F. Mustafayevə həvalə edilib.
SOCAR-dan bildirilib ki, maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan həmkarların real gəlirlərinə daha çox təsir göstərəcək. Hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.