Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonunadək Bolqarıstanın “Asarel Medet” dağ-mədən zənginləşdirmə kombinatına 370 min kubmetr qaz tədarük edəcək.
SOCAR Bolqarıstanda sənaye müştərilərinə qaz tədarükünə başlayıb
FED.az xəbər verir ki, bunu kombinatın icraçı direktoru Nikolay Peltekov deyib.
“SOCAR “Asarel Group”a təbii qaz tədarükünə bu il iyunun 21-də “M-Qaz” şirkəti vasitəsilə başlayıb. Hazırda bu yanacaq həcmləri ümumi tələbatımızı ödəyir. “Asarel”in bu ilin sonuna kimi SOCAR-dan 370 min kubmetr təbii qaz alacağı gözlənilir”, - N.Peltekov bildirib.
O, “Asarel Group”un təbii qazdan CNG şəklində istifadə etməsini qaz nəqli və qazpaylayıcı şəbəkə ilə əlaqənin olmaması ilə izah edib.
“SOCAR-dan tədarükün başlanması ilə biz təbii qazın qiymətlərinin daha rəqabətli olacağını və onun texnoloji ehtiyaclar, həmçinin şirkətin ərazisində tikməyi planlaşdırdığımız yeni kogenerasiya qurğusu üçün istehlakının artacağını gözləyirik”, - agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, hazırda “Asarel Group”un qışda əsasən CNG tədarükü hesabına istehlak etdiyi qazın həcmi ildə təxminən 1,3 milyon kubmetr təşkil edir.
"Biz elektrik enerjisi istehsalı üçün inşası nəzərdə tutulan kogenerasiya qurğusu tam gücü ilə işə salındıqdan sonra qaz istehlakının ildə təxminən 100 milyon kubmetr olacağını gözləyirik", - N.Peltekov əlavə edib.
“Asarel Medet” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və emalını həyata keçirən ən böyük şirkətdir. Şirkət yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tədarük edir. (Report)