Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın Bolqarıstanda nümayəndəliyi açılacaq və şirkət bu ölkədə enerji infrastrukturun yenilənməsində iştirak edəcək.
FED.az xəbər verir ki, bu barədə bu gün sentyabın 30-da prezident İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev bildirib.
Bolqarıstan prezidenti çıxışında bildirib ki, İlham Əliyevlə görüşündə SOCAR-ın Bolqarıstan nümaynədəliyinin açılmasını müzakirə ediblər: «Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər».
Xatırladaq ki bu səfər çərçivəsində sabah - oktyabrın 1-də biz rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçiriləcək və Azərbaycan Bolqarıstana qaz ixracına başlayacaq. Prezident İlham Əliyev isə bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə təbii qazın ixracı ilə bitməyəcək. Prezidentin açıqlamasından məlum olur ki, SOCAR Bolqarıstanda digər layihələrə də başlayacaq: «Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik».
Xatırladaq ki, Bolqarıstan səfərində İlham Əliyevi müşayiət edən nümayəndə heyətinin tərkibində SOCAR-ın rəhbərliyi də var – SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCARın prezidenti Rövşən Nəcəf.