Belarusun "BelOil" şirkəti İranın Milli Neft Şirkəti ilə (NIOC) 80 min ton neftin alınmasına dair müqavilə imzalayıb. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən yazır.
FED.az APA-ya istinadən xəbər verir ki, bu, Belarusla İran arasında imzalanan ilk belə müqavilədir. "BelOil" və NIOC informasiyanı şərh etməyiblər.
Bildirilir ki, tankerlərin yüklənməsinə fevral ayının 20-də başlanacaq. Nəqlin logistikası anlaşılan deyil. Böyük ehtimalla, İran nefti Belarus bazarına Odessa limanı və ya Baltik dənizi üzərindən nəql ediləcək.
Rusiya tərəfi Belarusa neft nəqlini məhdudlaşdırdıqdan sonra rəsmi Minsk alternativ aktiv şəkildə yeni mənbələrin axtarışındadır. Belarus prezidenti Aleksandr Lukaşenko bununla bağlı hökumətə müvafiq tapşırıqlar verib.
2016-cı ildə Belarus Azərbaycanın hesabına Rusiya neftini kompensasiya edə bilib. SOCAR Belarusa 560 min ton neft nəql edib. Lakin "Reuters" agentliyi iddia edir ki, yanvarda SOCAR Belarusa nəqli dayandırıb.