Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq üzrədir.
Bu barədə FED.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Eləcə də bax: SOCAR rəsmisi: "Məhz dövlətin dəstəyi sayəsində benzinin - QİYMƏTİ ARTMAYACAQ"
Onun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır.
O bildirib ki, dünyanın ən iri qaz kondensat yataqlarından biri olan “Şahdəniz”lə bağlı 93%, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisilə bağlı 88,8% irəliləyiş əldə edilib.
“Cənubi Qaz Dəhlizinin bütün seqmentlərinin maliyyələşdirməsindəki Azərbaycanın payı 1/4 qədər, yəni 10,1 milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97%-i həm yerli ehtiyatlar, həm də kənardan cəlb edilmiş vəsaitlər hesabına artıq yatırılıb”, - deyə İ.Əhmədov qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.